PUA sertifikatı vacibdir| SUNGUR Türkiyəyə hansı hərbi qabiliyyətləri qazandıracaq? – ANALİZ

2024/07/5f402-1721971697.jpg
Oxunub: 1558     10:26     17 Avqust 2024    
ROKETSAN-ın bir hərbi qulluqçu tərəfindən istifadə edilən, çiyindən atılan Hava Hücumundan Müdafiə (HHM) sistemi (man-portable air defense system/MANPADS) “Sungur” Türkiyə müdafiə sənayesi və Türkiyənin hərbi potensialı baxımından əhəmiyyətli bir həddi təmsil edir.

Hazırda beynəlxalq silah sistemləri bazarında ən uzun mənzilli MANPADS olan “Sungur” texniki xüsusiyyətləri ilə seçilir. ROKETSAN-ın ABŞ istehsalı olan “Stinger” MANPADS proqramında iştirak etdikdən sonra inkişaf etdirdiyi potensialı milli həll yoluna çevirməsi də vacibdir. Çünki sözügedən yol xəritəsi Türkiyənin müdafiə sənayesi üçün düzgün beynəlxalq əməkdaşlıq paradiqmasını və NATO ekosistemində izlənilən dəqiq hərbi sənaye strategiyasını ortaya qoyur.

“Sungur” kritik taktiki qabiliyyət təklif edəcək

İlk öncə “Sungur”un texniki keyfiyyətlərini tez dəyərləndirək. ROKETSAN-ın açıqlamalarına görə, sistem 8 kilometrlik təsirli mənzilə və 4 kilometrdən çox yüksəkliyə malikdir. Hazırkı profili ilə “Sungur” Rusiyanın “Su-25” və Avropada yerləşən MBDA tərəfindən hazırlanan “Mistral” MANPADS həllərini qabaqlayır.

Əlbəttə, bütün digər silah sistemlərinə dair vurğumuzu hərbi elmlərin obyektiv çərçivəsində “Sungur” üçün də təkrar edəcəyik. Bütün sınaq məlumatlarından və rəsmi açıqlamalardan daha qiymətlisi “Sungur”un bundan sonra səyahətində real münaqişə bölgələrindən əldə edilən məlumatların təhlilidir. “Sungur”un infraqırmızı görüntüləyici axtarış başlığı və yeniləməyə açıq Dost-Düşmən Tanıma (IFF) infrastrukturu kimi xüsusiyyətləri olduqca diqqətəlayiqdir.

Son aylarda ilk ixrac uğurunu əldə etməyə yaxın olduğu vurğulanan “Sungur” artıq qlobal silah bazarındakı yeri ilə bağlı mühüm ipuclarını verməkdədir. Təxminən 15 kiloqram çəkisi ilə çox yüngül və daşına bilən sistem olan “Sungur” hava, quru və dəniz platformalarına inteqrasiya olunmaqla, həmçinin çiyindən atıla bilməklə, çevik əməliyyat planı təqdim etmək üçün nəzərdə tutulub.

MANPADS taktiki qabiliyyəti nədir?

Bir hərbi qulluqçu tərəfindən istifadə edilən HHM sistemləri (MANPADS) davamlılığı, yüngül və daşına bilən dizayn fəlsəfəsi, vahid xərcləri və asimmetrik təsirləri ilə bir çox aktorun diqqətini çəkən həllərdir. Xüsusilə yeni nəsil MANPADS nümunələri hədəf aşkarlama, istiqamətləndirmə sistemləri, əks tədbirlərdən yayınma və mənzil parametrləri baxımından birinci nəsillərə nisbətən çox daha təhlükəli və məhsuldardır.

Davam edən Rusiya-Ukrayna müharibəsi MANPADS-in istifadəsi ilə bağlı mühüm dərslər təklif edir. Rusiyanın Ukraynaya hücumlarının ilkin mərhələlərində bu sistemlər aşağı hündürlüyü Rusiya Aerokosmik Qüvvələri (VKS) üçün son dərəcə çətin və təhlükəli edirdi. Üstəlik, idarə olunan sursatlardakı çatışmazlıqlar və inventarın zəifliyi Rusiya hava platformalarını da aşağı hündürlüklərdə fəaliyyətə məcbur etdi. Bu problemi son vaxtlar idarə olunmayan sursatlara əlavə edilən dəstlərlə həll etməyə cəhd etsələr də, ilkin olaraq Rusiya hücumlarına qarşı belə bir həll alınmadı.

Müharibənin əvvəlində Ukraynanın İzyumda Rusiyanın “Su-34” döyüş təyyarəsini MANPADS ilə vurması o zaman ciddi təsir bağışladı.

Bu gün bir çox ölkələrin Hərbi Hava Qüvvələri (HHQ) NATO standartlarına çatmayıb. Ağıllı sursatların olmaması bir çox döyüş təyyarələrini öz tapşırıqlarını yerinə yetirmək üçün aşağı hündürlüklərdə uçmağa məcbur edir. MANPADS qabiliyyəti məhz burada işə düşür.

Təbii ki, ixrac potensialı çox yüksək olan “Sungur”la bağlı ciddi siyasi-hərbi həssaslığı da qeyd etmək lazımdır. Türkiyə “Sungur” ilə ilk dəfə MANPADS ixrac edən ölkələr klubuna daxil olacaq. MANPADS ixracı öz təbiətinə görə çox kritik məsələdir, çünki belə asimmetrik taktiki qabiliyyətə nail olmağa çalışan çoxlu zərərli aktorlar var. Sözügedən təhlükə təkcə hərbi hədəflərə deyil, həm də hava limanlarına və mülki aviasiyaya aiddir. Buna görə də, MANPADS ixracı ilə əlaqədar olaraq, idxalçı ölkənin son istifadəçi həssaslığına və inventarına tam nəzarəti çox vacibdir.

“Sungur” Türkiyəyə hansı hərbi qabiliyyətləri qazandıracaq?

Xüsusilə alçaq hündürlükdə fəaliyyət göstərən fırlanan və sabit qanadlı insanlı platformalara, Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı əhəmiyyətli bir qabiliyyət olaraq dizayn edilən “Sungur” Türkiyə Silahlı Qüvvələrinə kritik bir taktiki imkan verəcək. İlk növbədə mühüm sahədə xaricdən asılılığa son qoyulacaq və ixrac portfeli açılacaq. Sözügedən həll yolu quru qoşunlarını HHM-də çəkindirmə qabiliyyəti ilə təmin edəcək.

“Sungur” Türkiyə hərbi bazalarının aşağı hündürlükdəki təhdidlərdən və kritik obyekt və bazalara qarşı yarana biləcək təhlükələrdən qorunmasında mühüm rol oynayacaq. “Sungur”un Türkiyə hərbi inventarına milli həll yolu təqdim etməsi əməliyyat müstəqilliyi baxımından da diqqət çəkir. Məsələn, 2016-cı ildə Suriyanın şimalında həyata keçirilən “Fərat Qalxanı” əməliyyatı zamanı Bəəs rejiminə bağlı Suriya Ərəb HHQ-sinə məxsus L-39Z “Albatros” təlim/yüngül hücum təyyarəsinin Türkiyə Silahlı Qüvvələrinin irəlidə yerləşdirilən şəxsi heyətinə hücumu nəticəsində ağrılı itkilər verilib.

Bu faciəli hadisədən sonra Türkiyə Silahlı Qüvvələri “Stinger” raketləri ilə təchiz edilən “Atılgan” alçaq hündürlükdə HHM sistemlərini Suriya sərhədinə göndərib. Sözügedən vəziyyətdə “Sungur” MANPADS-in müvafiq qoşunların əlində olması çox şeyi dəyişdirərdi.

TB-2 sertifikatı vacibdir

Son olaraq “Sungur” haqqında daha bir məlumatı əlavə etmək faydalı olar. Elastik raket konfiqurasiyasına sahib olan “Sungur”un TB-2 də daxil olmaqla, PUA-larla inteqrasiyasının gündəmdə olduğu xəbərlərdə bildirilib. “Kızılelma”, “Anka-3”, “Akıncı” kimi strateji platformalar üçün “hava-hava” raket sertifikatının nəzərdən keçirilməsi artıq planlar arasındadır.

Digər tərəfdən, TB-2 kimi sistemlərin “hava-hava” qabiliyyəti ilə təchiz edilməsi xüsusilə yüksələn bir trend halına gələn PUA-ların digər PUA-larla mübarizəsi və robot müharibəsi məsələsində yeni bir səhifə açacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SUNGUR   Türkiyə  


Bizi "telegram"da izləyin